Nazirlikdə "YAP-çı qırğını"
Füzuli Ələkbərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini YAP-çılardan ?təmizləyir?
Əslində, hələ bir il əvvəl yazmışdıq ki, Yeni Azərbaycan Partiyası bir siyasi qurum kimi hakimiyyətdə öz yerini itirib. Doğrudur, müəyyən vasitələrlə, məsələn üzvlük haqqını 1000 köhnə manatdan 2500-ə qədər artırmaqla YAP-ın Mərkəzi Aparatında əyləşənlər özlərini yada salmağa çalışırlar. Lakin bu "qara camaat" yanında güc nümayişidir ki, onun da elə bir əhəmiyyəti yoxdur. Və artıq YAP 2003-cü ilə qədər sahibi olduğu imtiyazlardan mərhum edilib. Son iki ildə aparılan kadr dəyişikliyi isə bu partiyanın tam tükəndiyini ortaya qoydu. Çünki ölkə başçısı vəzifələrə biznesmenləri təyin etməklə artıq "YAP erası"nın bitdiyinə açıq şəkildə işarə vurdu. Təbii ki, əgər İlham Əliyev YAP-ı rədd edirsə, onun vəzifəyə təyin etdiyi şəxslər də bu addımı atmalı idi. Və elə gözlənilən kimi də oldu. Belə ki, yeni vəzifəyə təyin edilmişlər özlərinə komanda formalaşdıran zaman qohumluq və dostluq prinsiplərindən çıxış edirlər. Həm də imkanlı şəxsləri bu postlara göndərirlər. Bununla da "Mən 1991-ci ildən YAP-ın üzvüyəm" deyib haray salanlar vurulub kənara atılır. Son günlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində YAP-çılardan "təmizlənmə" prosesinin başlanıldığı vurğulanır. Məlumat üçün bildirək ki, 1995-99-cu illərdə YAP-ın Mərkəzi Aparatında əsas idarəetmə funksiyasını sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev həyata keçirirdi. Həmin dövrdə YAP-ı özününküləşdirmək üçün Nağıyev əksər rayon təşkilatlarının ya rəhbərliyinə, ya da İdarə Heyətinə mütləq nazirliyin yerli təşkilatlarının rəhbərlərini salırdı. 4 il ərzində həyata keçirilən bu proses nəticəsində YAP-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinin üstünlük təşkil etdilər. Ələkbərovun təyinatından sonra isə nazirlikdə dəyişiklər həyata keçirilir. Nazirliyin əksər rayon təşkilatlarının rəhbərləri işdən kənarlaşdırılırlar. Elə mərkəzdə işləyənlər də eyni aqibətlə üzləşirlər. Nəticədə YAP-ın Mərkəzi Aparatında, Siyasi Şurasında, yerli təşkilatlarında olanlar işsizlik problemi ilə üzləşirlər. Doğrudur, bu şəxslərin çoxunun geniş imkanları var və onlar yenə də hardasa pul qarşılığında özlərinə iş yeri tapacaqlar. Amma bəllidir ki, Ələkbərovun həyata keçirdiyi proses nazirliyin YAP-dan təmizlənməsinin təzahürüdür. Və qısa müddət ərzində 20-dən çox YAP-çı nazirlikdə tutduğu vəzifədən kənarlaşdırılıb. Bu sırada qurumun mərkəzi aparatında çalışanların sırasında ilkin olaraq Əmək Müfəttişliyinin sabiq rəisi Qəzənfər Hacıyevin adı gəlir. YAP rəhbərliyində təmsil olunan Hacıyev elə Ələkbərovun ilk vurduğu şəxs oldu. Onun ardınca nazirliyin əlil, tənha və ahıllar üçün sosial xidmətin təşkili şöbəsinin müdiri Əli Axundov işdən kənarlaşdırıb. Dünən isə aldığımız məlumata görə, nazirliyin Baş Məşğulluq İdarəsinin rəisi Şükür Mehrabov vəzifədən çıxarılıb. Mehrabov da "stajlı" YAP-çılardan sayılır. Biz bu xəbəri dəqiqləşdirmək üçün Mehrabovun özü və ya nazirliyin mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verən olmadı. Məlumatlı dairələr isə birmənalı şəkildə Mehrabovun işdən çıxarıldığını söylədilər. Nəticədə aydınlaşır ki, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Füzuli Ələkbərov YAP-çı "ovuna" çıxıb. Və bu gedişlə yaxın günlərdə YAP-ın təşkilatlarında vəzifə tutan şəxsin işdən kənarlaşdırılacağı istisna olunmur.
F.Hüseynli